İens Stoltenberq – Rusiya Donbası ələ keçirməyə və işğal olunmuş Krımla quru sərhədi yaratmağa çalışacaq, bu, müharibənin həlledici mərhələsidir, NATO Ukraynanın kibertəhlükəsizliyini və avadanlıqlarını təmin etməyə çalışır
Biz hamımız Buçada və Rusiya silahlı qüvvələrinin nəzarətində olan digər yerlərdə son günlərə qədər öldürülən mülki əhalinin fotolarını gördük. Bu, Avropanın uzun onilliklər ərzində şahidi olmadığı dözülməz qəddarlıqdır, – Şimali Atlantika Alyansının baş katibi İens Stoltenberq mətbuat konfransında bildirib.
Stoltenberqin sözlərinə görə, mülki şəxslərin hədəfə alınması və öldürülməsi müharibə cinayətidir.
NATO baş katibinin sözlərinə görə, bütün faktlar müəyyən edilməli və vəhşiliklərə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb edilməlidir.
“NATO müttəfiqləri Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla istintaqı dəstəkləyir. Ukrayna silahlı qüvvələri möhkəm müqavimət göstərir, əraziləri rus işğalçılarından geri alır və Rusiyanı müharibə planlarını dəyişməyə məcbur edir, lakin, Moskva Ukraynadakı ambisiyalarından əl çəkmir. Biz indi qüvvələrin Kiyevdən uzaqlaşaraq yenidən qruplaşmaq, yenidən silahlandırmaq, yenidən təchiz etmək və diqqəti şərqə yönəltmək üçün əhəmiyyətli yerdəyişməsini görürük”, – Stoltenberq deyib.
Onun sözlərinə görə, yaxın həftələrdə Rusiyanın Ukraynanın şərqinə və cənubuna növbəti hücumu gözlənilir.
“Yaxın həftələrdə Rusiyanın Ukraynanın şərqində və cənubunda növbəti hücumlarını gözləyirik. Onlar Donbası tamamilə ələ keçirməyə və işğal altındakı Krımla quru sərhədi yaratmağa çalışacaqlar. Bu, müharibənin həlledici mərhələsidir və Ukrayna bu yeni hücumla üzləşdiyi bir vaxtda NATO-nun xarici işlər nazirləri bundan sonra nə edəcəyini müzakirə edirlər və Müttəfiqlər Ukraynaya tank əleyhinə silahlar, zenit sistemləri və müdafiə sistemləri daxil olmaqla, Ukraynaya daha çox dəstək vermək əzmindədirlər. Müttəfiqlər humanitar və maliyyə yardımlarını da artırdılar. NATO həmçinin Ukraynaya kibertəhlükəsizlik yardımı göstərməyə və onu kimyəvi və bioloji təhdidlərdən qorumaq üçün avadanlıq təmin etməyə çalışır”, – İens Stoltenberq bildirib.