İağluci dağ massivindəki torpaq sahələrinin qeydiyyatı prosesi başlayır

14:14, 17.11.2026

 

Gürcüstanın Baş nazirinin qərarı ilə İağluci dağ massivindəki torpaq sahələrinin qeydiyyatı ilə bağlı çoxillik problemin həllinə başlanılır. Məlumatı Ədliyyə Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, məsələnin öyrənilməsi və hüquqi cəhətdən tənzimlənməsi məqsədilə ədliyyə nazirinin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin Milli Dövlət Reyestr Agentliyinin, müvafiq bələdiyyələr və digər dövlət qurumlarının qoşulduğu qurumlararası işçi qrupu yaradılıb.

“İşçi qrupu məsələnin mürəkkəbliyini və çətinliyini nəzərə alaraq mövcud məlumat və sənədləri, ərazinin xüsusiyyətlərini öyrənib və problemin həllinin hüquqi yollarını və prosedurlarını müəyyən edib. Qeydiyyat prosesi illər ərzində İağluci dağ massivində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı çətinliklərlə üzləşən vətəndaşlar üçün başlayır. Hər bir məsələni öyrənmək məqsədilə müvafiq qurumlar zərurət yarandıqca qeydiyyat prosesinə cəlb olunacaqlar, vətəndaşların əlində olan sənədləri və hüquqi əsasları qiymətləndirəcəklər. Bunların əsasında Milli Dövlət Reyestr Agentliyi qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edəcək.

2025-ci ilin dekabrın 31-i də daxil olmaqla Dövlət Reyestrinin rəqəmsal platformasına (Slr.napr.gov.ge) torpaq sahəsinin ölçülməsi tələbi ilə ərizə təqdim etmiş vətəndaşların bu mərhələdə yenidən ərizə təqdim etməsinə və ya əlavə məlumat təqdim etməsinə ehtiyac yoxdur. Agentlik onların təqdim etdiyi tələblərə artıq malikdir və proses çərçivəsində baxacaq. Belə ki, Dövlət Reyestri qeydiyyat üçün qanunla məcburi olan bütün zəruri sənədləri özü əldə edəcək. İağluci dağ massivindəki torpaq sahələri ilə bağlı maraqlı şəxslər yaxın gələcəkdə qeydiyyat prosesinin başlanması, eləcə də Ədliyyə Evlərinə və Dövlət Reyestrinin filiallarına təqdim edilməsi zəruri ola biləcək əlavə sənədlər barədə bildiriş alacaqlar. Torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən etmək üçün təsdiqləyici sənədlərə malik olan vətəndaşlar həmçinin sporadik qeydiyyat tələbi ilə Milli Dövlət Reyestr Agentliyinə müraciət edə bilərlər. Hər bir ərizəyə qanunvericiliyə uyğun olaraq fərdi qaydada baxılacaq” – yayılan məlumatda deyilir.

Oxşar