“HƏMAS”ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumları nəticəsində ən azı 330 fələstinli həlak olub

13:01, 18.03.2025

 
İsrail Hərbi Qüvvələrində Qəzza sektorunda “HƏMAS”a qarşı “geniş miqyaslı zərbələr” həyata keçirdiklərini bildirirlər.

“HƏMAS”ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumları nəticəsində ən azı 330 fələstinli həlak olub.

İsrail Baş nazirinin ofisində zərbələr endirilməsi ilə bağlı əmrin Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats tərəfindən verildiyini açıqlayıblar.

“Bu, “HƏMAS”ın girovları azad etməkdən təkrar imtina etməsindən, eləcə də ABŞ Prezidentinin nümayəndəsi Stiv Uiitkofdan və vasitəçilərdən aldıqları bütün təklifləri rədd etməsindən sonra baş verir. İsrail “HƏMAS”a qarşı bundan sonra artan hərbi güc ilə hərəkət edəcək” – bəyanatda deyilir.

Zərbə nəticəsində ehtimal ki, “HƏMAS”ın nəzarətində olan daxili işlər nazirinin müavini Mahmud Əbu Vəfa ölüb.

Xarici media yazır ki, 19 yanvar tarixində atəşkəs barədə əldə olunan razılaşmadan sonra bu, Qəzza sektoru istiqamətində həyata keçirilən hava zərbələrinin ən böyük dalğasıdır.

Şahidlər 20-dən çox İsrail hərbi təyyarəsini gördüklərini bildiriblər. Hücum Rafah və Xan Yunis istiqamətində həyata keçirilib.

Atəşkəs razılaşmasının ləğv edilməsinə görə, “HƏMAS” İsraili xəyanətdə ittiham etdi, lakin “HƏMAS” gələcək planları barədə hələ açıqlama verməyib.

Bununla yanaşı, Ağ Evin nümayəndəsi “Fox News”a bildirib ki, Donald Tramp administrasiyası İsrailin zərbələri barədə əvvəlcədən məlumatlandırılıb.

Məlumat üçün bildirək ki, martın 1-də müvəqqəti atəşkəsin birinci mərhələsi başa çatdıqdan sonra tərəflər danışıqları davam etdirməyə cəhd edirdilər.

ABŞ tərəflərə atəşkəsin aprelin ortalarına qədər uzadılmasını təklif edib, bu da əlavə girovların və İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsini nəzərdə tuturdu.

Lakin, fələstinli rəsmi şəxs “BBC”yə bildirib ki, İsrail və “HƏMAS” ABŞ Prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun təqdim etdiyi sövdələşmənin əsas məsələləri ilə bağlı razılığa gələ bilməyiblər.

Oxşar