Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə qrup halında dələduzluq törətməkdə təqsirləndirilən iki şəxsi saxlayıblar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa qarşı Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti qrup halında dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən iki şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, kompleks şəkildə aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaşlara guya öz biznes fəaliyyətləri üçün müvəqqəti olaraq pul vəsaiti verməyi təklif ediblər. Bunun müqabilində isə hər ay gəlir ödəməyi və razılaşdırılmış müddətdə əsas məbləği geri qaytarmağı vəd ediblər.
“Bu yolla təqsirləndirilən şəxslər zərərçəkənlərə məxsus vəsaiti əldə etsələr də, razılaşdırılmış gəliri ödəməyib, həmçinin vətəndaşlara əsas məbləği geri qaytarmayıblar.
Təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində vətəndaşlara ümumilikdə 275 min lari məbləğində ziyan dəyib.
Polis hər iki şəxsi məhkəmənin qərarı əsasında saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu maddə üzrə cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – deyə məlumatda bildirilir.