Hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfəri saxlayıblar

12:23, 01.08.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə Şöbəsi və Detektivlərin Baş İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif şirkətlərin nümayəndəsi kimi özünü təqdim edib, Tbilisidə yaşayan pensiyaçılarla əlaqə saxlayıb və kommunal güzəştlərlə bağlı onların şəxsi məlumatlarını qanunsuz yolla əldə edib.
Bundan sonra təqsirləndirilən şəxs həmin şəxslərlə yenidən Milli Bankın nümayəndəsi adı ilə əlaqə saxlayıb və onlara bildirib ki, guya bank hesablarının bloklanması və hesablarda olan vəsaitlərin müsadirə olunması təhlükəsi var.
Bu vəziyyətin qarşısını almaq bəhanəsi ilə o, vətəndaşlara nağd pullarını mənşəyinin müəyyənləşdirilməsi məqsədi ilə onun göndərdiyi vasitəçiyə verməyi təklif edib.
Göstərilən cinayət əməlləri nəticəsində təqsirləndirilən şəxs vətəndaşlara məxsus 48 983 larini qanunsuz olaraq ələ keçirib.
Hüquq-mühafizə əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində həmin şəxsi hakimin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı cinayətdə mümkün iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədilə istintaq tədbirləri davam etdirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi və 4-cü hissəsinin “a” bəndi ilə aparılır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Oxşar