Hüquq-mühafizə orqanlarının əməkdaşları ailə üzvünə qarşı qəsdən adam öldürməyə hazırlıq faktı üzrə bir nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları intensiv rejimdə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı sifarişlə qəsdən adam öldürməyə hazırlıq ittihamı ilə bir nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət işi üzrə aparılan istintaqla Qardabani Munisipalitetində yaşayan kişinin boşandıqdan sonra qısqanclıq zəminində yaranmış münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişlə qətlə yetirilməsini planlaşdırdığı müəyyən edilib.
“Cinayət niyyətini həyata keçirmək üçün təqsirləndirilən şəxs tanışı ilə əlaqə saxlayıb və 25 000 ABŞ dolları müqabilində dırnaqarası killer tapmağı ona tapşırıb. Hakimin qərarı əsasında aparılan gizli istintaq hərəkətləri ilə həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs qətlin onların üç azyaşlı övladının analarının yanında olmadığı vaxtda icra olunmasını tələb edib.
Aparılan axtarışlar nəticəsində təqsirləndirilən şəxsin yaşadığı evdən maddi sübut kimi müxtəlif modelli odlu silah, döyüş sursatı və təqsirləndirilən şəxsin tanışı ilə əlaqə saxladığı mobil telefon götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur” – məlumatda qeyd olunub.