Hüquq-mühafizə orqanları Batumidə keçirilən polis əməliyyatı zamanı xüsusilə böyük miqdarda narkotik vasitələr ələ keçirdi
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir polis əməliyyatı nəticəsində, gecə saatlarında Acarıstan bölgəsinin Batumi şəhərində xüsusilə böyük miqdarda narkotik vasitələr – təxminən 3 kiloqram “kokain”, 13 000-ə yaxın “ekstazi” həbi və çox böyük miqdarda “heroin” müsadirə edilib. Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bu gün keçirilən brifinqdə məlumat verib.
Daraxvelidzenin sözlərinə görə, narkotiklərin Batumidə yerləşən müxtəlif gecə klublarında satışa çıxarılması planlaşdırılırdı, bu isə insanların, xüsusilə də gənclərin sağlamlığına və həyatına bərpaolunmaz zərər vurardı.
“Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və narkotik cinayətlərinə yardım etmə faktları üzrə iki Belarus vətəndaşı – 2000-ci il təvəllüdlü R.S. və 2004-cü il təvəllüdlü M.V. saxlanılıb.
Hüquq-mühafizə orqanları narkotikləri Batumidə, təqsirləndirilən şəxslərdən birinin kirayə götürdüyü mənzildə axtarış zamanı aşkar edib. Bundan əlavə, şəxsi axtarış zamanı 7 kapsul şəklində “kokain”, “ekstazi” və narkotiklərin qablaşdırılması üçün istifadə olunan digər vasitələr də aşkarlanıb. Eləcə də, təqsirləndirilən şəxslərdən birinin mobil telefonunda narkotiklərin satışına hazırlanan konkret yerlərin fotoları tapılıb.
Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Daxili İşlər Nazirliyi bu narkotik cinayətlə əlaqəsi ola biləcək digər şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün kompleks istintaq tədbirlərini aktiv şəkildə davam etdirir.
Araşdırma Cinayət Məcəlləsinin 260-cı və 18-260-cı maddələrinin üçüncü hissəsi üzrə aparılır.
Daxili İşlər Nazirliyi ölkə üzrə narkotiklərin qanunsuz dövriyyəsi və yayılmasına qarşı barışmaz mübarizəni davam etdirir və narkotik cinayətlərində ittiham olunan şəxslərə qarşı qanunla nəzərdə tutulan ən sərt tədbirləri tətbiq edəcək.
“Bizim qurum narkotik cinayətkarlığına qarşı mübarizənin nəticələri barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmağa davam edəcək,” – deyə Aleksandre Daraxvelidze bildirib.