Hökumətin parlamentə təqdim etdiyi plana əsasən, Gürcüstanda yeni qorunan ərazilərin, üç milli parkın və bir qoruğun yaradılması planlaşdırılır

22:09, 02.09.2026

Gürcüstanda yeni qorunan ərazilərin, üç milli parkın və bir qoruğun yaradılması planlaşdırılır. Hökumət parlamentə təqdim etdiyi və hazırlamağı planlaşdırdığı qanun layihələrinin əks olunduğu planda bu barədə məlumat verib.
Sənəddə qeyd olunur ki, Mestia bələdiyyəsində 49 623 hektar ərazidə “Mtskinvaris Milli Parkı”, Lentexi bələdiyyəsində 20 392 hektar ərazidə “Lentexi Milli Parkı”, Tsageri bələdiyyəsində isə 15 737 hektar ərazidə “Leçxumi Milli Parkı” yaradılacaq. Bundan əlavə, 2 283 hektar ərazidə “Xvamli qoruğu” salınacaq.
Qanun layihəsi ilə həmçinin 10 yeni təbiət abidəsinin yaradılması nəzərdə tutulur. Bunlar Tsageri bələdiyyəsində “Sairme sütunları təbiət abidəsi”, “Qvirişa şəlaləsi təbiət abidəsi” və “Raça şəlaləsi təbiət abidəsi”; Mestia bələdiyyəsində isə “Tsaneri şəlaləsi təbiət abidəsi”, “Tviberi şəlaləsi təbiət abidəsi”, “Leiraqi şəlaləsi təbiət abidəsi”, “Lataşi şəlaləsi təbiət abidəsi”, “Uşba (Şduqra) təbiət abidəsi”, “Ltnari gölü təbiət abidəsi” və “Namkğami gölü təbiət abidəsi”dir.
Hökumət bildirir ki, yuxarıda qeyd olunan qorunan ərazilər biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ərazilərdə 61 növ məməli, Gürcüstan ərazisində yuva quran 155 növ quş, 15 növ sürünən və 9 növ suda-quruda yaşayan heyvan yayılıb.

Oxşar