Hökumətin qərarı ilə, İkinci Dünya Müharibəsinin iştirakçıları birdəfəlik 2 000 lari, müharibədə həlak olmuş şəxslərin ailə üzvləri isə 1 000 lari məbləğində yardım alacaqlar
Hökumətin qərarına əsasən, faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə İkinci Dünya Müharibəsinin iştirakçılarına birdəfəlik maddi sosial yardım kimi 2 000 lari, müharibədə həlak olmuş şəxslərin ailə üzvlərinə isə 1 000 lari veriləcək.
Hökumət administrasiyasının məlumatına görə, maliyyə yardımı, Veteranlar üzrə Dövlət Xidmətinin veteranların qeydiyyatı üçün nəzərdə tutulmuş elektron məlumat bazasında qeydiyyatdan keçmiş İkinci Dünya Müharibəsi iştirakçılarına və müharibədə həlak olmuş şəxslərin ailə üzvlərinə veriləcək.
Qərara əsasən, Gürcüstan ərazisində birdəfəlik maddi sosial yardımın verilməsini Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmət Agentliyi həyata keçirəcək. Tbilisidə qeydiyyatda olan İkinci Dünya Müharibəsi iştirakçıları və həlak olmuşların ailə üzvlərinə yardımın verilməsi üçün isə müvafiq vəsaitin ayrılmasını Tbilisi meriyası təmin edəcək.
Qərara artıq Gürcüstanın baş naziri İrakli Kobaxidze imza atıb.