Hökumətin qərarı ilə dövlət müəssisələrində ödənişli üç aylıq təcrübə keçmək üçün müsabiqə elan olunur
Gürcüstanın Baş nazirinin qərarı ilə 2025-ci ilin sentyabrın 1-dən dövlət müəssisələrində, eləcə də dövlət müəssisələri sisteminə daxil olan dövlət və özəl publik hüquqi şəxslərdə ödənişli üç aylıq təcrübə keçmək üçün müsabiqə elan olunur.
Təcrübə keçmək istəyən şəxslər 2025-ci ilin sentyabrın 1-dən sentyabrın 10-u da daxil olmaqla, Hökumət Administrasiyası tərəfindən idarə olunan www.hr.gov.ge veb saytı vasitəsilə müxtəlif qurumlar tərəfindən elan edilmiş 3 000-ə qədər müsabiqəyə müraciət edə bilərlər.
Dövlət dilini bilən, ali təhsilin birinci pilləsində (son tədris ili halında), və ya ikinci pilləsində təhsil alan, və ya 2024–2025-ci tədris ilinin yaz semestrində ali təhsilin birinci və ya ikinci pilləsini bitirən Gürcüstanın əmək qabiliyyətli vətəndaşı təcrübəçi kimi qəbul oluna bilər.
Təcrübə keçmək istəyən şəxsin akademik göstəriciləri (bal sistemi – 71-100 bal və/və ya GPA – 2,7-4,0) seçim meyarı olaraq müəyyən edilib. Bununla yanaşı, qurumlar struktur vahidinə uyğun olaraq, həmçinin fəaliyyətin xüsusiyyətlərindən irəli gələrək, təcrübəçilər üçün əlavə ixtisas tələblərini müəyyən edirlər.
Müsabiqə iki mərhələdə keçiriləcək – ərizələrin seçilməsi və müsahibə. Təcrübə keçmək istəyən şəxsi müvafiq dövlət müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissiya qiymətləndirəcək. Namizədlərin bərabər olması halında, müsahibə zamanı akademik göstəriciləri daha yüksək olan namizədlərə üstünlük veriləcək.
Seçilmiş namizədlər 2025-ci ilin oktyabrın 1-dən dekabrın 31-i də daxil olmaqla təcrübədən keçəcəklər.
İşin dövlət qulluğu hesab edildiyi dövlət müəssisəsində staj dövlət qulluğu stajına, dövlət müəssisələri sisteminə daxil olan dövlət və/və ya özəl publik hüquqi şəxslərdə staj isə ümumi staj/iş təcrübəsinə sayılacaq.
Maraqlanan şəxslər əlavə məlumatı [email protected] elektron poçt ünvanından ala bilərlər.