Hökumətin Effektivliyi Departamenti – tikinti işlərinin dəyərinin müəyyənləşdirilməsi təcrübəsi dəyişdirildi, tikinti materiallarının tövsiyə olunan bazar qiymətlərini Məhkəmə Ekspertizası Bürosu müəyyən edəcək
Gürcüstan Hökumətinin Effektivliyi Departamenti dövlət satınalmaları çərçivəsində alınacaq işlərin tövsiyə olunan dəyərlərinin müəyyənləşdirilməsi ilə bağlı mühüm dəyişikliklər həyata keçirir. Bu barədə Hökumətin Effektivliyi Departamentinin 2025-ci il üzrə fəaliyyət hesabatında qeyd olunur.
Departament müxtəlif dövlət qurumları və yerli özünüidarəetmə orqanları tərəfindən satın alınmış, ümumi dəyəri on milyonlarla lari olan işləri öyrənib və təhlil edib.
“Bu araşdırma çərçivəsində satınalmaların planlaşdırılması mərhələsində tikinti işlərinin dəyərinin müəyyənləşdirilməsində qeyri-vahid praktikanın mövcud olduğu açıq şəkildə üzə çıxdı. Bu isə böyük ölçüdə elan edilən tenderlərin nəticəsiz başa çatmasına, satın alınan işlərin keyfiyyətinə və dövlət satınalmaları üzrə bağlanan müqavilələrdə götürülmüş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi səviyyədə icra olunmamasına səbəb olurdu. Hökumətin Effektivliyi Departamenti dövlət satınalmaları çərçivəsində alınacaq işlərlə bağlı iri infrastruktur layihələrini həyata keçirən sifarişçi təşkilatlarla, eləcə də müxtəlif hədəf qrupları, o cümlədən A(a)İP İnfrastruktur Qurucuları Assosiasiyası ilə bir sıra görüşlər keçirib. Departamentin təşəbbüsü ilə Gürcüstan hökumətinin sərəncamı qəbul edilib və bu sərəncama əsasən, Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosuna tikinti işlərinin satın alınması ilə bağlı tikinti materiallarının, maşın-mexanizmlərin və əməkhaqqının müvafiq tövsiyə olunan bazar dəyərlərinin müəyyən edilməsi tapşırılıb”, – sənəddə qeyd olunur.
Hesabata görə, Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosu əməkhaqqı üzrə tövsiyə olunan bazar dəyərlərini hazırlayıb ki, bu da əməkhaqları baxımından orta hesabla 20–25 faiz artım deməkdir.
Bundan əlavə, büro tikinti işlərinin satın alınması ilə bağlı tikinti materiallarının, maşın-mexanizmlərin və əməkhaqqının bazar dəyərlərinin siyahısını hazırlayacaq. Bu siyahı hər il yenilənəcək və dövlət qurumlarına, ictimai/özəl təşkilatlara və maraqlı şəxslərə tikinti işləri ilə bağlı ehtimal olunan xərcləri səmərəli şəkildə planlaşdırmağa və əvvəlcədən nəzərə almağa imkan verəcək.
Hökumətin Effektivliyi Departamentində bildirildiyinə görə, tikinti materialları üzrə müvafiq tövsiyə olunan bazar qiymətlərinin müəyyən edilməsi və onların illik yenilənməsi satınalmaların səmərəli, rasional və şəffaf şəkildə həyata keçirilməsinə töhfə verəcək və bu da öz növbəsində satın alınan işlərin keyfiyyət göstəricilərinə müsbət təsir göstərəcək.