Hökumət parlamentə ölkəyə altı ildən artıq istismar müddəti olan avtomobillərin idxalını qadağan edən qanun layihəsi təqdim edib
Hökumət parlamentə ölkəyə altı ildən artıq istismar müddəti olan avtomobillərin idxalını qadağan edən qanun layihəsi təqdim edib

“Biz parlamentə altı ildən artıq istismar müddəti olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim etdik”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, bu addım ekologiya, insanların sağlamlığı və rahat hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Son illər ərzində Gürcüstanda avtomobillərin sayı əhəmiyyətli və kəskin şəkildə artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi, cari ilin məlumatlarına görə isə bu göstərici iki milyonu keçib. Görürük ki, artımın miqyası kifayət qədər böyükdür. Avtomobillərin sayının bu cür artması bir tərəfdən yol hərəkətinin yüklənməsinə, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna görə də hesab edirik ki, bu sahədə mühüm tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə parlamentə altı ildən artıq istismar müddəti olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim etdik. Əlbəttə, müəyyən kiçik istisnalar da nəzərdə tutulacaq. Hesab edirik ki, altı ildən artıq istismar müddəti olan avtomobillərin ölkəyə gətirilməməsi prinsipial əhəmiyyət daşıyır. Bu, ekologiya və insanların sağlamlığı üçün vacibdir, eyni zamanda insanların rahat hərəkətinin təmin olunmasına xidmət edir. Hazırlanmış qanun layihəsinə görə daxili işlər nazirinə təşəkkürümü bildirirəm. Bu təşəbbüs çox vacibdir”, – deyə İrakli Kobaxidze bildirib.