Hindistanda sel və torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub, xilasetmə qrupları Dharali kəndində 50-dən çox itkin şəxsi axtarır
Hindistanda sel və torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub, xilasetmə qrupları Dharali kəndində 50-dən çox itkin şəxsi axtarır

Hindistanda gözlənilmədən yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Təbiət hadisəsi nəticəsində dörd nəfər həyatını itirib.

Fəlakət ölkənin şimalında yerləşən Uttarakhand ştatını vurub. “BBC”nin məlumatına görə, hadisə yerinə xilasetmə qrupları və hərbçilər cəlb olunub. Onlar ən çox zərər görmüş Dharali kəndində 50-dən çox itkin düşmüş şəxsi axtarırlar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə torpaq sürüşməsinin dalğalarının evləri dağıtdığı və aparıb apardığı görünür. “BBC” qeyd edir ki, Dharali kəndi turistik ərazidir və burada çox sayda otel və restoran yerləşir. Hadisənin şahidlərinin sözlərinə görə, fəlakət nəticəsində onlarla insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işlərinə pis hava şəraiti əngəl yaradır.

Bundan əlavə, torpaq sürüşməsi bölgənin ən böyük çayının məcrasını dəyişib, nəticədə süni göl yaranıb və geniş ərazi su altında qalıb. Yerli sakinlər bildirirlər ki, əgər süni göldən su vaxtında boşaldılmasa, bu, şəhərlər və kəndlər üçün ciddi təhlükə yaradacaq. Əraziyə gələn hərbçilər vətəndaşları çaydan uzaq durmağa çağırırlar.

Hindistanın Baş naziri Narendra Modi fəlakət zamanı həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, hökumət vətəndaşlara yardım etmək üçün əlindən gələni edir.