Hindistanda azyaşlının zorlanması və qətlə yetirilməsi ilə bağlı başlayan etiraz aksiyaları zorakı xarakter alıb. Nümayişçilər polis avtomobillərinə ziyan vurub, yolları və dəmir yolu xətlərini bağlayıblar

15:35, 10.07.2026

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında 12 yaşlı qızın zorlanması və öldürülməsi ilə bağlı başlayan etiraz aksiyaları zorakı xarakter alıb. Məlumatı “Sky News” yayıb.

Yetkinlik yaşına çatmayan qız itkin hesab olunurdu. Daha sonra onun meyiti göldə aşkarlanıb və bu, cəmiyyətdə böyük etiraz dalğasına səbəb olub.

Baruipur şəhərində keçirilən nümayiş zamanı aksiya iştirakçıları həlak olan qız üçün ədalətin bərpa olunmasını tələb ediblər. Etirazlar zamanı 26 yaşlı kişi nümayişçilər tərəfindən öldürülüb. Daha sonra hüquq-mühafizə orqanları bildiriblər ki, öldürülən şəxsin cinayətlə heç bir əlaqəsi olmayıb.

Bununla yanaşı, iş üzrə əsas şübhəlilərdən biri polis tərəfindən güllələnib. Rəsmi şəxslərin məlumatına görə, hadisə yerinə baxış zamanı şübhəli polis əməkdaşının silahını götürməyə cəhd edib.

Medianın məlumatına əsasən, zorakı etirazlar zamanı polis avtomobillərinə ziyan vurulub, həmçinin yollar və dəmir yolu xətləri bağlanıb.

Oxşar