Hindistan Xarici İşlər Nazirliyi - Rus neftinin idxalına görə Hindistana rüsumlar tətbiq etmək barədə ABŞ-nin qərarı ədalətsiz, tutarsız və əsaslandırılmamışdır
Rus neftinin idxalına görə Hindistana rüsumlar tətbiq etmək barədə ABŞ-nin qərarı ədalətsiz, tutarsız və əsaslandırılmamışdır – bu haqda Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Hindistan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, ölkə öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
“Biz artıq bu məsələlərlə, o cümlədən idxalımızın bazar faktorlarına əsaslanması və Hindistanın 1,4 milyard vətəndaşının enerji təhlükəsizliyini təmin etmək kimi ortaq məqsəd ilə həyata keçirilməsi faktı ilə bağlı mövqeyimizi aydın şəkildə ifadə etmişik. Buna görə də, ABŞ-nin bir sıra digər ölkələrin də öz milli maraqlarından irəli gələrək həyata keçirdiyi tədbirlərə görə Hindistana əlavə rüsumlar tətbiq etməyi seçməsi çox təəssüf doğurur” – Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal edilən mala əlavə 25%-lik rüsumlar tətbiq edib. Trampın izah etdiyi kimi, qərarı Hindistan tərəfindən rus neftinin alınmasına cavab olaraq qəbul edib.