Hindistan və Pakistan arasında silahlı qarşıdurmaya görə Asiya aviaşirkətləri Avropa istiqamətində və Avropadan uçuşları yönləndiriblər və ya ləğv ediblər
Hindistan və Pakistan arasında silahlı qarşıdurmaya görə Asiya aviaşirkətləri Avropa istiqamətində və Avropadan uçuşları yönləndiriblər və ya ləğv ediblər

 

Hindistan və Pakistan arasında silahlı qarşıdurmaya görə Asiya aviaşirkətləri Avropa istiqamətində və Avropadan uçuşları yönləndiriblər və ya ləğv ediblər.

“FlightRadar24″ün məlumatına əsasən, çərşənbə günü səhər saatları üçün aviaşirkətlər Pakistan istiqamətində və ya Pakistandan 52 uçuşu ləğv ediblər.

Pakistan ordusunun mətbuat katibinin bəyanatına əsasən, Hindistanın hücumu zamanı Pakistanın hava məkanında 57 beynəlxalq uçuş həyata keçirilirdi.

Hindistan və Pakistanda daxili reyslər də ləğv edilib. Hindistan bir neçə hava limanını bağlayıb. “Air India”, “IndiGo”, “SpiceJet” və “Akasa Air”in reysləri ləğv edilib.

Təyyarələrin hərəkət cədvəlinin dəyişdirilməsi Yaxın Şərq və Cənubi Asiya bölgələrində aviaşirkətlərin fəaliyyətini çətinləşdirib.

Tayvanın “EVA Air” aviaşirkəti Hindistan və Pakistan arasında mübahisəli bölgənin hava məkanından yan keçmək üçün Avropaya və Avropadan uçuşların marşrutlarını dəyişəcəyini bəyan edib. Koreya, Tayland və digər aviaşirkətlər tərəfindən də reyslər yönləndirilib.