Gürcüstanın Müdafiə Nazirliyinin hərbi qulluqçuları, diplomatik korpusun, könüllü təşkilatların nümayəndələri və onların ailə üzvləri Lisi gölündə keçirilən “Yaralı döyüşçülərin xeyriyyə qaçışı”nda iştirak ediblər. Bu haqda məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, onlar üç müxtəlif məsafəni – 3 km-lik əyləncəli qaçış, orta – 5 km-lik və çətin – 13 km-lik məsafəni qət ediblər.
Tədbirin sonunda müdafiə nazirinin müavini Paata Patiaşvili və Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Cicinadze qaliblərə medal və sertifikatlar təqdim ediblər. Marafonun iştirakçılarına “Yaralı Döyüşçülərə Dəstək Fondu”ndan xatirə bilərzikləri də verilib.
“Müdafiə Qüvvələrinin Milli Qvardiyasının Hərbi Nümayiş Orkestri tərəfindən marafonda musiqi nömrələri ifa olunub. Hər il Gürcüstanın Müdafiə Nazirliyi, Tbilisinin Hərbi Attaşelər Assosiasiyası və Yaralı Döyüşçülərə Dəstək Fondunun təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilir. Xeyriyyə marafonu nəticəsində toplanan vəsait tam olaraq Yaralı Döyüşçülərə Dəstək Fonduna köçürüləcək” – Müdafiə Nazirliyinin məlumatında deyilir.