“Həmas” nümayəndəsi “Sülh Şurası” ilə razılığın əldə olunduğunu təsdiqləyir

16:42, 31.07.2026

“Həmas” rəsmisi Qazi Həmad tərksilahla bağlı “Sülh Şurası” ilə razılığın əldə olunduğunu təsdiqləyib.

Onun sözlərinə görə, bu proses iki şərtdən asılıdır: Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələri yerləşdirilməli və İsrail oktyabr ayında əldə olunmuş atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“İsrail bu şərtləri yerinə yetirməyənə qədər biz də silahlarla bağlı heç bir addım atmayacağıq”, – deyə Həmad bildirib.

O qeyd edib ki, İsrail ilk növbədə atəşi dayandırmalı, Qəzzada məqsədyönlü hücumlara son qoymalı, qoşunlarını “sarı xətt”in arxasına çəkməli və sektora humanitar yardımın artırılmış həcmdə daxil olmasını təmin etməlidir.

Bununla yanaşı, Qəzza sektorunun idarəçiliyi “Sülh Şurası” tərəfindən təyin olunmuş, fələstinli texnokratlardan ibarət Milli İdarəetmə Komitəsinə təhvil verilməlidir.

“Həmas” rəsmisinin sözlərinə görə, qruplaşmanın silahları məhv edilməyəcək, Milli Komitənin nəzarəti altında anbarlarda saxlanılacaq.

“Birinci mərhələ uğursuz keçdi. İsrail razılaşmaya əməl etmədi və yüzlərlə deyil, minlərlə pozuntu qeydə alındı. İndi zəmanətçi tərəflər – ABŞ, Qətər, Türkiyə və Misir təmin etməlidirlər ki, İsrail bu dəfə razılaşmaya tam əməl etsin. Ümid edirəm ki, İsrail buna razı olacaq. Biz hələ də gözləyirik”, – deyə Qazi Həmad bildirib.

Oxşar