“Helsikor” klinikasında bildirilib ki, Verada baş vermiş silahlı insident nəticəsində yaralanan iki gəncin səhhəti stabildir və onların həyatına təhlükə yoxdur
“Helsikor” klinikasının icraçı direktoru Şmaqi Çiokadzenin sözlərinə görə, Verada baş vermiş silahlı insident zamanı yaralanan iki gəncin vəziyyəti stabildir.
Şmaqi Çiokadze bildirib ki, gənclərdən biri klinikaya sol çiyin nahiyəsindən, digəri isə sol əl pəncəsindən aldığı açıq güllə yarası ilə gətirilib. Hər iki şəxs üzərində cərrahi əməliyyat aparılıb. Hazırda onların vəziyyəti stabildir, şüurları aydındır və reabilitasiya məqsədilə bir neçə gün klinikada qalacaqlar.
“İyulun 22-də, saat 22:00 radələrində klinikaya 17-18 yaşlarında iki gənc gətirildi. Hər ikisinin əməliyyata ehtiyacı var idi. Birinin sol çiyin, digərinin isə sol əl pəncəsi nahiyəsi zədələnmişdi. Hər iki pasiyent uğurla əməliyyat olunub. Hazırda vəziyyətləri stabildir, həyat və sağlamlıqları üçün təhlükə yoxdur.
Onlar hələlik klinikada qalacaqlar. Yaraların odlu silahdan və ya başqa vasitədən yetirilib-yetirilmədiyini ekspertiza müəyyən edəcək. Hər iki pasiyentin vəziyyəti yaxşıdır, onlarla ünsiyyət qurmaq mümkündür. Reabilitasiya müddətinin nə qədər davam edəcəyini isə zaman göstərəcək”, – deyə “Helsikor” klinikasının icraçı direktoru bildirib.
Xatırladaq ki, Tbilisinin Vera rayonunda baş vermiş qətl və yaralama faktı ilə bağlı polis bir nəfəri saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs iyulun 22-də Tbilisidə odlu silahdan atəş açaraq dörd nəfəri yaralayıb və hadisə yerindən qaçıb.
Yaralananların hamısı tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Lakin onlardan biri – azyaşlı şəxs aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra vəfat edib.