Hakimin üzərinə su tökdüyünə görə Nika Melianı məhkəmə zalından çıxarıblar
Hakimin üzərinə su tökdüyünə görə Nika Melianı məhkəmə zalından çıxarıblar

 

“Dəyişiklik Naminə Koalisiyası”nın liderlərindən biri Nika Melianı məhkəmə zalından çıxarıblar.

Melia məhkəmə iclasında hakim İrakli Şvanqiradzenin üzərinə su töküb.

“Məni kimin və nə üçün qaçırdığı sizi maraqlandırmırmı? Siz Murusidze və Çinçaladzenin qulusunuz” – Nika Melia məhkəmə prosesində deyib və hakimin üzərinə su töküb.

Tbilisi Şəhər Məhkəməsində Nika Melianın məhkəmə prosesi keçirilir və iclasda girovun ödənilməməsi ilə bağlı məsələyə baxırlar. Parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə, Nika Melianın barəsində aprelin 29-da 50 000 lari girov təyin edilib. Girovu ödəmək müddəti dünən başa çatıb.

Prokurorluq Meliaya qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüb ki, bu isə “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir və cərimə və ya bir ilədək azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya fəaliyyət hüququndan üç ilədək məhrum etmə ilə cəzalandırılır.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları Nika Melianı dünən, mayın 29-da inzibati qaydada saxlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, o, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi əsasında saxlanılıb, bu isə hüquq-mühafizə orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirərkən və ya xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq, ona qarşı edilən sözlü təhqiri və/və ya digər təhqiredici əməlin törədilməsini nəzərdə tutur.