Hakan Fidan: Türkiyə Ankarada keçiriləcək sammit zamanı Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasındakı isti münasibətlərdən NATO daxilindəki fikir ayrılıqlarının aradan qaldırılması üçün istifadə etməyi planlaşdırır

13:15, 07.07.2026

Hakan Fidan: Türkiyə Ərdoğanla Tramp arasındakı münasibətlərdən NATO daxilindəki fikir ayrılıqlarının aradan qaldırılması üçün istifadə etməyi planlaşdırır

Türkiyə Ankarada keçiriləcək sammit zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı isti münasibətlərdən NATO daxilində mövcud fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə istifadə etmək niyyətindədir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ərdoğanın Trampla münasibətləri NATO daxilindəki gərginliyin azalmasına kömək edə bilər.

“Cənab Tramp üçün bu, sadəcə etimad və dostluq məsələsidir”, – deyə Hakan Fidan qeyd edib.

Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara “bu dostluqdan ümumi məqsədlər və bütün NATO ailəsinin rifahı naminə istifadə etmək” niyyətindədir.

Qeyd edək ki, Donald Trampın NATO-da ABŞ-ın rolunu azaltmaq və ya ümumiyyətlə Şimali Atlantika Alyansından çıxmaqla bağlı hədələri digər üzv ölkələri təhlükəsizliyin təmin edilməsi üçün alternativ yollar axtarmağa vadar edib.

Bununla yanaşı, mediada yayılan məlumatlara görə, Tramp NATO müttəfiqlərini ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatına dəstək vermədiklərinə görə qeyri-sadiqlikdə də ittiham edib. NATO ölkələrinin bəzi liderlərini açıq şəkildə tənqid etməsinə baxmayaraq, Tramp Ərdoğanla isti münasibətlərini qoruyur, onu “dost” və “böyük lider” adlandırır.

Oxşar