Haaqa məhkəməsi Kosovonun keçmiş prezidenti Haşim Taçiyə 25 il həbs cəzası verib
Kosovonun keçmiş prezidenti Haşim Taçiyə Haaqa məhkəməsi 25 il həbs cəzası verib
Kosovonun keçmiş prezidenti Haşim Taçiyə Haaqa məhkəməsi tərəfindən 25 il həbs cəzası verilib. Kosovonun keçmiş lideri müharibə cinayətləri ilə bağlı dörd maddə üzrə ittiham olunurdu.
Kosovonun Xüsusi Palataları Haşim Taçini qətl, işgəncə, qəddar rəftar və özbaşına həbsdə təqsirli bilib.
Sədrlik edən hakim Çarlz Smit bildirib ki, Taçi cinayətlərin törədilməsini təşviq etmək üçün öz vəzifəsindən, liderliyindən, nüfuzundan və statusundan istifadə edib. Söhbət siyasi opponentlərə, eləcə də kollaborasionist və xain hesab edilən dinc sakinlərə qarşı hücumlardan gedir.
Hökm Kosovonun Azadlıq Ordusunun dörd keçmiş rəhbərinin — Haşim Taçi, Yakup Krasniqi, Redjep Selimi və Kadri Veselinin — üç il davam edən məhkəmə prosesindən sonra elan olunub.
Prokurorluq onların hər biri üçün 45 il həbs cəzası tələb edirdi. Dörd təqsirləndirilən şəxsin hamısı özlərini günahsız elan edib. Yakup Krasniqiyə 25 il, Redjep Selimiyə 13 il, Kadri Veseliyə isə 18 il həbs cəzası verilib.
58 yaşlı siyasətçinin populyarlığı 2008-ci ildə Kosovonun müstəqilliyinin elan edilməsi prosesinə rəhbərlik etdikdən sonra kəskin şəkildə artıb. Taçi yeddi ildən çox baş nazir, daha sonra isə iki il xarici işlər naziri vəzifəsində çalışıb.
Ağ Evə səfəri zamanı ABŞ-ın o vaxtkı vitse-prezidenti Co Bayden onu “Kosovonun Corc Vaşinqtonu” adlandırıb.
Lakin onun reputasiyasına Avropa Şurasının 2010-cu il hesabatı ciddi təsir göstərib. Hesabatda Taçinin mütəşəkkil cinayətlə əlaqələri, həmçinin müharibə zamanı və müharibənin başa çatmasından dərhal sonra törədildiyi bildirilən ağır hüquq pozuntuları barədə məlumat yer alıb.