"HƏMAS" israilli girovların azad edilməsi prosesinə başlayıb, Qəzzada olan 7 girov Qırmızı Xaça artıq təhvil verilib
"HƏMAS" israilli girovların azad edilməsi prosesinə başlayıb, Qəzzada olan 7 girov Qırmızı Xaça artıq təhvil verilib

 

“HƏMAS” israilli girovların azad edilməsi prosesinə başlayıb. İsrail mediasının məlumatına əsasən, Qəzzada olan 7 girov Qırmızı Xaça artıq təhvil verilib.

“Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrail və “HƏMAS” arasında atəşkəs razılaşması çərçivəsində girovların və saxlanılan şəxslərin azad edilməsi və təhvil verilməsinə kömək etmək üçün çoxmərhələli əməliyyata başlayıb” – Qırmızı Xaç tərəfindən yayılmış bəyanatda qeyd olunub.

İsrailin Baş nazirinin ofisində izah etdikləri kimi, proses iki mərhələyə bölünəcək və bir neçə saat ərzində davam edəcək.

İlkin olaraq girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil veriləcək, sonra isə onları İsrailə aparacaqlar.

“HƏMAS” önümüzdəki bir neçə saat ərzində azad edəcəkləri iyirmi girovun ad və soyadını dərc edib. İsrail tərəfinin girovlar qaytarıldıqdan sonra azad edəcəyi 1718 fələstinli məhbusun kimliyi də açıqlanıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl İsrail hökuməti ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş sülh planı çərçivəsində Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi planını təsdiqləyib.