“HƏMAS”ın nümayəndəsi – “HƏMAS” vahid Fələstin hökuməti yaratmaq üçün digər Fələstin fraksiyaları ilə aşılmaz fikir ayrılıqları görmür
“HƏMAS” Fələstinin digər fraksiyaları ilə vahid Fələstin hökuməti yaratmaq üçün aşılmaz fikir ayrılıqları görmür,- bu barədə “HƏMAS”ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib.
Fevralın 29-dan martın 1-dək Moskvada bütün Fələstin fraksiyalarının iştirakı ilə iki günlük məsləhətləşmələr keçirilib. Nəticədə tərəflər birgə bəyanat qəbul ediblər.
“Söhbət təbii ki, birlik, konsensus hökumətinin formalaşdırılmasından gedirdi, lakin bu məsələdə Fələstin tərəfləri arasında bəzi fikir ayrılıqları var.Buna görə də ideyaları formalaşdırmaq və bunun yaxın gələcəkdə necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmək üçün məsələni bir müddət təxirə salınma qərarı alındı. Təbii ki, fikir ayrılıqları aradan qaldırıla bilər və ümid edirik ki, biz bütün çətinliklərin öhdəsindən gələcəyik. Əsas problem ABŞ və İsrailin Fələstinin işlərinə xaricdən müdaxiləsidir və danışıqlarımızdakı bütün əlçatmaz məqsədlər bu müdaxilə ilə bağlıdır”, – Musa Əbu Mərzuk bildirib.
“HƏMAS” Siyasi Bürosunun sədr müavininin sözlərinə görə, Moskvadakı Fələstin fraksiyaları danışıqları davam etdirmək barədə razılığa gəliblər.