Gürcüstanın Xarici İşlər Nazirliyi xarici işlər nazirinin birinci müavini ilə Avropa İttifaqının səfiri arasında keçirilən görüş barədə rəsmi məlumat yayıb
Gürcüstanın Xarici İşlər Nazirliyi xarici işlər nazirinin birinci müavini ilə Avropa İttifaqının səfiri arasında keçirilən görüş barədə rəsmi məlumat yayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi xarici işlər nazirinin birinci müavini ilə Avropa İttifaqının səfiri arasında keçirilən görüş barədə rəsmi məlumat yayıb.

Məlumata əsasən, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Gürcüstanda Avropa İttifaqı nümayəndəliyinin rəhbəri, səfir Pavel Herçinski ilə görüş keçirib.

Bildirilib ki, görüşün məqsədi Gürcüstanın Rusiya əleyhinə Avropa İttifaqı tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə əməl olunması və sanksiyalardan yayınma hallarının qarşısının alınması istiqamətində ölkə tərəfindən görülən işlərlə bağlı mövqeyinin Aİ tərəfinə çatdırılması olub.

Giorgi Zurabaşvili Aİ tərəfinə Gürcüstan hökumətinin atdığı addımlar və dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Gürcüstan ərazisində yüklərin və gəmilərin hərəkətinə nəzarət edilir, sanksiyaya məruz qalan obyektlər müəyyən olunur, “kölgə donanması” ilə bağlı beynəlxalq fəaliyyətlər ifşa edilir və beynəlxalq maliyyə institutlarının tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin icrası təmin edilir.

Nazir müavini vurğulayıb ki, Gürcüstan tərəfinin səyləri, həyata keçirilən proaktiv tədbirlər və aşkarlanmış hallar barədə məlumatlar mütəmadi olaraq hesabat şəklində beynəlxalq tərəfdaşlara, ilk növbədə isə Avropa İttifaqının müvafiq institutlarına təqdim olunur.

Zurabaşvili mediada Gürcüstanın Qulevi limanının Aİ-nin sanksiya siyahısına mümkün əlavə edilməsi ilə bağlı yayılan məlumatları anlaşılmaz, əsassız və faktiki əsasdan məhrum adlandırıb. Onun sözlərinə görə, Qulevi limanında sanksiyaya məruz qalan hər hansı gəminin qəbul edilməsi və ya sanksiyalardan yayınma halı qeydə alınmayıb.

Nazir müavini əlavə edib ki, Qulevi limanının fəaliyyəti ilə bağlı Aİ institutlarından hər hansı sual və ya irad daxil olmayıb. O bildirib ki, illər ərzində Gürcüstan və Aİ arasında məhdudlaşdırıcı tədbirlərlə bağlı uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb və bu, Aİ-nin sanksiyalar üzrə nümayəndəsi Devid O’Sallivanın müsbət qiymətləndirməsində də öz əksini tapıb.

Görüş zamanı Gürcüstan tərəfi ümid etdiyini bildirib ki, Aİ institutları və üzv dövlətlər obyektiv faktları və Gürcüstanın məhdudlaşdırıcı tədbirlərə əməl olunması, sanksiyalardan yayınma hallarının qarşısının alınması istiqamətində gördüyü genişmiqyaslı işləri nəzərə alacaqlar. Həmçinin qeyd olunub ki, hər hansı məhdudiyyətlərin tətbiqi Xəzər–Qara dəniz–Avropa strateji dəhlizinə və Aİ-nin Orta Dəhliz təşəbbüsünə zərər vura bilər. Qulevi limanı bu təşəbbüsün ayrılmaz hissəsi hesab olunur.

Eyni zamanda, görüşlə bağlı rəsmi məlumatı Gürcüstandakı Avropa İttifaqı nümayəndəliyi də yayıb.