Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi ilə Türkiyənin Gənclik və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi ilə Türkiyənin Gənclik və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

 

Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi ilə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyi arasında əsas məqsədi gənclik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi olan Əməkdaşlıq Memorandumu imzalanıb.

Gürcüstanın Təhsil Nazirliyinin məlumatına əsasən, sənədi Gürcüstanın təhsil naziri Qivi Mikanadze və Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bakin imzalayıb.

Qivi Mikanadze bildirib ki, yeni əməkdaşlıq strukturlaşdırılmış dialoq, birgə təşəbbüslər və strateji planlaşdırma yolu ilə Gürcüstan və Türkiyə arasında çoxillik tərəfdaşlığın dərinləşdirilməsi baxımından irəliyə doğru atılan daha bir addımdır.

Öz növbəsində, Osman Aşkın Bakin iki ölkənin nazirlikləri arasında uğurlu tərəfdaşlığa diqqət yönəldib və gürcü tərəfinə birgə gənclik proqramlarının inkişafına hazırlığı təsdiqləyib.

Təhsil Nazirliyinin məlumatına əsasən, memorandumun əsas istiqaməti Gürcüstan və Türkiyə gəncləri üçün birgə layihələrin həyata keçirilməsi, o cümlədən gənclər düşərgələrinin, forumların, konfransların, seminarların, tədris səfərlərinin və digər mühüm aktivliklərin təşkil edilməsidir. Bu da öz növbəsində gəncliyin inkişafı istiqamətində ikitərəfli əməkdaşlığın güclənməsinə kömək edəcək.