Gürcüstanın Sərhəd Polisi əməkdaşları sərhədi qanunsuz keçmə faktı ilə Interpol-un “qırmızı bülleteni” ilə axtarışda olan iki xarici ölkə vətəndaşını saxlayıblar
Gürcüstanın Sərhəd Polisi əməkdaşları sərhədi qanunsuz keçmə faktı ilə Interpol-un “qırmızı bülleteni” ilə axtarışda olan iki xarici ölkə vətəndaşını saxlayıblar

Gürcüstan Daxili İşlər Nazirliyi-nin Sərhəd Polisi əməkdaşları Batumi şəhərində iki xarici ölkə vətəndaşını – 1993-cü il təvəllüdlü B.T. və 2000-ci il təvəllüdlü G.İ.-ni Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək faktı ilə saxlayıblar.

Gürcüstanın Sərhəd Polisi-nin yaydığı məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən B.T. yük avtomobilində gizlənərək, G.İ. isə sərhəd-keçid məntəqəsindən yan keçərək Türkiyə ərazisindən Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək ölkəyə daxil olublar.

Həmçinin müəyyən olunub ki, hər iki şəxs Interpol tərəfindən “qırmızı bülleten”lə beynəlxalq axtarışa verilmişdilər.

“Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə aparılır və saxlanılan şəxslərə münasibətdə qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir”, – deyə məlumatda bildirilir.