Gürcüstanın səfirləri Kuba və Qvatemala respublikalarının prezidentlərinə etimadnamələrini təqdim ediblər
Gürcüstanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qriqol Baramidze etimadnaməsini ölkənin prezidenti Miqel Kanel-Dias Bermudesə təqdim edib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, təntənəli mərasimdən sonra keçirilən görüşdə səfir Kuba Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyə görə təşəkkürünü bildirib, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Öz növbəsində Kuba Respublikasının Prezidenti Gürcüstanla dostluq əlaqələrini qeyd edib və iqtisadiyyat, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafına hazır olduqlarını vurğulayıb.
Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Mexiko şəhərində) Zaza Qabunia etimadnaməsini Qvatemala Respublikasının Prezidentinə təqdim edib və bu zaman prezidentlə görüş keçirilib.
“Səfir ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Gürcüstana dəstəyə görə respublika prezidentinə təşəkkürünü bildirib. Görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyi, yüksək səviyyəli qarşılıqlı səfərlər haqda danışıblar. Prezident Arevalo ölkələr arasında münasibətlərin artan dinamikasını məmnuniyyətlə qeyd edib və əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildirib” – Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.