Gürcüstanın səfiri Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Gürcüstanın səfiri Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüşüb

 

Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Teimuraz Lejava Yaponiyanın xarici işlər nazirinin müavini Hisayuki Fucii ilə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səfir Yaponiya tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə təşəkkür edib.

Səfir ölkələr arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi və gələcəkdə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, azad ticarət haqqında razılaşmanın imzalanması imkanı, xalqlar arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

“Gürcüstanın xarici siyasət prioritetlərinə, eləcə də ölkənin qarşısında duran çağırışlara toxunulub. Yaponiyanın xarici işlər nazirinin müavini işğal xəttinə səfərini yada salıb və qeyd edib ki, regionda cərəyan edən hadisələri nəzərə almaqla, Gürcüstan ətrafında yaranmış vəziyyətin çətinliyini yaxşı başa düşür” – Gürcüstan Xarici İşlər Nazirliyində qeyd edirlər.

Onların məlumatına əsasən, tərəflər iki ölkə arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.