Gürcüstanın milli komandası yoldaşlıq oyununda Çexiya ilə qarşılaşacaq - Birbaşa reportaj Birinci Kanalda #1TVSPORT
Gürcüstanın basketbol üzrə milli komandası “EuroBasket”ə hazırlığı bu gün Çexiya ilə yoldaşlıq oyunu ilə yekunlaşdıracaq. Qarşılaşma saat 20:00-da başlayacaq, birbaşa reportajı isə Birinci Kanal sizlərə təqdim edəcək.
Aleksandar Cikiçin çalışdırdığı komanda üçün Avropa çempionatına gedən yolda bu altıncı yoldaşlıq qarşılaşması olacaq; Gürcüstan əvvəlki oyunlarda, o cümlədən avqustun 19-da Çexiya ilə qapalı sparrinqdə məğlub olub.
Kapitan Tornike Şenqelia bu gün Gürcüstan yığmasına kömək edə bilməyəcək; o, İspaniyada reabilitasiya kursundan keçir və komandaya “EuroBasket” başlamazdan əvvəl Kiprin Limasol şəhərində qoşulacaq. Estoniya ilə görüş zamanı “Barselona”nın basketbolçusunda ürək aritmiyası aşkar olunub və bir neçə müayinə aparılması lazım gəlib.
Çexiya ilə əvvəlki qarşılaşmadan fərqli olaraq, yüngül zədədən əziyyət çəkən “Toronto Raptors”un basketbolçusu Sandro Mamukelaşvili Cikiçin sərəncamında olacaq.
Çexiya və Gürcüstan basketbol komandalarının matçı Pardubitse şəhərində keçiriləcək, bundan sonra da gürcü basketbolçular Kiprə yollanacaqlar.
Gürcüstan ardıcıl altıncı “EuroBasket”də çıxışına avqustun 28-də İspaniya ilə qarşılaşma ilə başlayacaq. C qrupunda bu komandalardan başqa, ev sahibi Kipr, Bosniya-Herseqovina, Yunanıstan və İtaliya oynayacaq.