Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Qiorqi Panqani – “Enguri” SES-də planlı sınaq keçirilirdi, sınaq zamanı sistem tamamilə söndü, baş verənlərin ətraflı təhlili aparılır
Bu gün dövlət elektrosistemi “Enguri” SES-in aqreqatlarında planlı sınaq həyata keçirirdi, sınaq prosesində Gürcüstanın elektrik enerjisi sistemi tamamilə söndü, bu mərhələdə baş verənlərin ətraflı təhlili və müvafiq qiymətləndirilməsi aparılır – bu barədə Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Qiorqi Panqani sosial şəbəkədə yazır.
O, gələcəkdə analoji halların təkrarlanmaması üçün qəzanın dəqiq səbəblərinin müəyyən ediləcəyini bildirib.
“Məlumat üçün bildirmək istəyirəm ki, bu gün dövlət elektrosistemi iyulun 24-ü və 25-də baş verən qəzalar nəzərə alınmaqla sistemdəki zəif nöqtələri aşkar etmək və qiymətləndirmək məqsədilə “Enguri” SES-in aqreqatlarında planlı sınaq həyata keçirirdi. Sınaq çərçivəsində, digər tədbirlərlə yanaşı, Gürcüstanın elektrik enerjisi sisteminin təcrid olunmuş rejimdə işləməsi də nəzərdə tutulmuşdu. Qeyd olunan rejim mühüm texniki risklərlə, o cümlədən artıq məlum olduğu kimi, elektrik enerjisi sisteminin tamamilə sönməsi ehtimalı ilə bağlı idi.
Sınaq prosesində Gürcüstanın elektrik enerjisi sistemi tamamilə söndü. Bu mərhələdə baş verənlərin ətraflı təhlili və müvafiq qiymətləndirilməsi aparılır ki, qəzanın dəqiq səbəbləri müəyyən edilsin və gələcəkdə analoji halların təkrarlanmasının qarşısı alınsın” – Qiorqi Panqani bildirir.
Məlumat üçün bildirək ki, Tbilisi və regionların əksər hissəsinə elektrik enerjisi verilmir. Elektrik enerjisinin verilişi təxminən saat 20:15-də dayanıb. Xatırladaq ki, elektrik enerjisinin verilişi ölkə miqyasında iyulun 24-ü və 25-də də qəza səbəbindən dayanmışdı.