Gürcüstanın Milli Bankında Valyuta Fondunun missiyası ilə yekunlaşdırıcı görüş keçirilib
Gürcüstanın Milli Bankının prezidenti vəzifəsinin icraçısı Natia Turnava və maliyyə naziri Laşa Xutsişvili Alexandro Hajdenberqin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun missiyası ilə yekunlaşdırıcı görüş keçiriblər.
Görüşdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze və maliyyə nazirinin müavinləri Ekaterine Quntsadze və Qiorqi Kakauridze iştirak ediblər.
Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş BVF-nin üzv ölkələrə ölkənin makroiqtisadi perspektivlərinin qiymətləndirilməsi və maliyyə-iqtisadi inkişafın monitorinqi məqsədilə həyata keçirdiyi illik səfəri çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər ölkənin pul və fiskal siyasət məsələləri, eləcə də ölkədə makroiqtisadi və maliyyə sabitliyi istiqamətində atılan addımlar haqda danışıblar. Makroiqtisadi və fiskal proqnozları nəzərdən keçirib razılığa gəliblər.
Milli Bank vurğulayıb ki, qurum qiymət sabitliyini uğurla təmin etdiyi mövcud pul siyasəti çərçivəsində qalır.
Həmçinin, Maddə IV proqramı çərçivəsində gələcək əməkdaşlığın perspektivli istiqamətlərinə toxunub. Tərəflər BVF-nin dəstəyi ilə Milli Bankda həyata keçirilən texniki yardım proqramlarını müsbət qiymətləndiriblər. Həmçinin, texniki əməkdaşlığın gələcək prioritet istiqamətləri müəyyən edilib.
Milli Bankın vitse-prezidentləri Ekaterine Mikabadze və Ekaterine Qaldava da Gürcüstan tərəfdən görüşdə iştirak ediblər.
Məlumatı Milli Bank yayır.