Gürcüstanın Miqrasiya Departamentinin əməkdaşları ölkədən 97 xarici ölkə vətəndaşını deportasiya ediblər
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin digər müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində ötən həftə ərzində keçirilən tədbirlər nəticəsində 97 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər. Bu barədə məlumatı Gürcüstan DİN yayıb.
Qurumun bildirdiyinə görə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə ölkəyə giriş qadağası tətbiq olunub.
“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən Türkiyə, Çin, Misir, Hindistan, Türkmənistan, Pakistan, Keniya, Sudan, Özbəkistan, Filippin, Banqladeş, İordaniya, Rusiya, Somali, Tailand və digər ölkələrin ümumilikdə 97 vətəndaşı deportasiya edilib.
Ölkə üzrə intensiv rejimdə davam etdirilən kompleks tədbirlər nəticəsində Gürcüstandan deportasiya olunan qeyri-qanuni miqrantların sayı artıq 1000 nəfəri ötüb ki, bu da əvvəlki illərin statistik göstəriciləri nəzərə alındıqda görünməmiş nəticə hesab olunur”, — deyə DİN-in yaydığı məlumatda bildirilir.