Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti xüsusilə böyük miqdarda qızılın qaçaqmalçılığı faktını aşkar edib, bir nəfər saxlanılıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti, Gəlirlər Xidmətinin Gömrük Departamenti əməkdaşları ilə koordinasiyada aparılan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində xüsusilə böyük miqdarda malın gömrük qaydalarının pozulması ilə gətirilməsi faktını aşkar edib. Bu barədə məlumatı İstintaq Xidməti yayıb.
Qurumun verdiyi məlumata görə, bir nəfər saxlanılıb.
“Aparılmış istintaqla müəyyən olunub ki, Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarətindən gizli şəkildə, yəni onun idarəsində olan sərnişin avtobusunun salonunda xüsusi hazırlanmış gizli bölmədə, Gürcüstanın gömrük sərhədindən 546 129,52 lari gömrük dəyərində olan 3 197,18 qram zərgərlik qızıl məmulatlarını keçirib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə İstintaq Xidmətinin yaydığı məlumatda qeyd olunur.