Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə Danışıqlarının 63-cü raundu ilə bağlı bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə Beynəlxalq Danışıqlarının 63-cü raundu ilə bağlı bəyanat yayır.
Nazirliyin məlumatına əsasən, gürcü nümayəndə heyəti əsas diqqəti Rusiya tərəfindən atəşkəs razılaşması ilə götürülmüş beynəlxalq öhdəliklərin tam şəkildə yerinə yetirilməsinin zəruriliyi, işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması kimi Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyində duran əsas məsələlərə yetirib.
“2025-ci ilin martın 4-5-də xarici işlər nazirinin müavini Laşa Darsalianın Gürcüstanın nümayəndə heyətinə rəhbərlik etdiyi Cenevrə Beynəlxalq Danışıqlarının 63-cü raundu keçirilib.
Danışıqlar çərçivəsində gürcü nümayəndə heyəti əsas diqqəti Rusiya tərəfindən Avropa İttifaqının vasitəçiliyi 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması ilə götürülmüş beynəlxalq öhdəliklərin tam şəkildə yerinə yetirilməsinin zəruriliyi, işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması kimi Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyində duran əsas məsələlərə yetirib.
Həmçinin, Qalidə İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizminin (IPRM) heç bir ilkin şərt olmadan bərpa edilməsinin, Qali və Erqnetidə qeyd olunan mexanizmin mütəmadi olaraq, əsas prinsiplərə uyğun keçirilməsinin əhəmiyyəti vurğulanıb.
63-cü raund çərçivəsində Gürcüstanın nümayəndə heyəti işğal olunmuş bölgələrdə təhlükəsizlik, humanitar və insan hüquqları baxımından yaranmış son dərəcə ağır vəziyyətdən, davam edən qeyri-qanuni hərbiləşdirmə və bu kontekstdə, Rusiyanın Oçamçiredə qanunsuz hərbi dəniz bazasının tikintisi və Soxumi hava limanının işə salınması faktlarından narahatlığını ifadə edib. Həmçinin, gürcü tərəfi Gürcüstanın işğal olunmuş Abxaziya regionunda qondarma prezident seçkilərinin keçirilməsini və işğalçı rejimin lideri ilə Rusiya Prezidentinin bugünkü görüşünü pisləyib, bu da ilhaq istiqamətində atılmış növbəti addımlardır və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur.
Rusiya və işğalçı rejimlərin nümayəndələri, hər zaman olduğu kimi, işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş şəxslərin və qaçqınların öz evlərinə qayıtması ilə bağlı gündəlikdəki əsas məsələlərdən biri ilə bağlı danışıqlar masasını tərk ediblər.
Cenevrə Beynəlxalq Danışıqları Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşması əsasında yaradılıb və onun əsas müzakirə məsələləri atəşkəs razılaşmasının həyata keçirilməsi, məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması və Rusiyanın işğalı nəticəsində yaranmış təhlükəsizlik və humanitar problemlərdir.
Danışıqlar Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in həmsədrliyi və Gürcüstan, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə keçirilir. Həmçinin, işçi qrupun görüşlərində Abxaziya Muxtar Respublikasının hökumətinin sədri və keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidinin administrasiyasının rəhbəri, eləcə də Sxinvali və Soxumidəki Rusiyanın işğalçı rejiminin nümayəndələri iştirak edirlər” – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.