Gürcüstanın Xarici İşlər Nazirliyi - İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə dialoqun təxirə salınması Brüsselin tərəfin mövqelərini dinləməyə hazır olmadığını göstərir
Gürcüstanın Xarici İşlər Nazirliyi insan hüquqlarının müdafiəsi məsələləri üzrə Gürcüstan-Avropa İttifaqı dialoqunun görüşünün təxirə salınması ilə bağlı şərh yayır.
Qurumun qeyd etdiyi kimi, 2025-ci ilin noyabrın 21-də Brüsseldə planlaşdırılan görüş Avropa İttifaqı tərəfinin qərarı ilə görüşdən bir neçə gün əvvəl təxirə salınıb.
“Avropa İttifaqı Şurasının 2024-cü ilin 27 iyun tarixli rəyləri əsasında, Avropa İttifaqı tərəfinin Gürcüstanla dialoqu bütün səviyyələrdə dayandırması şəraitində, gürcü tərəfi qeyd olunan görüşü Avropa İttifaqı ilə, o cümlədən cəmiyyətimizin tez-tez Brüsseldən tənqid eşitdiyi məsələlər üzrə əlaqə qurmaq imkanı olaraq görürdü.
Gürcü tərəfi gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı Avropa İttifaqı tərəfinə müvafiq məlumatın verilməsinin mümkün olması üçün əsaslı hazırlıq işləri gördü və məhz bu ehtiyacları nəzərə almaqla, Gürcüstanın nümayəndə heyəti də müvafiq qurumların iştirakı ilə formalaşdırıldı.
Təəssüf ki, insan hüquqlarının müdafiəsi məsələləri üzrə Gürcüstan-Avropa İttifaqı dialoqunun görüşünün keçirilməsi ilə bağlı gürcü tərəfinin əzminə baxmayaraq, Avropa İttifaqı tərəfi yuxarıda qeyd olunan görüşü tamamilə qəbuledilməz və əsassız bəhanə ilə təxirə saldı” – Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Qurumda bildirdikləri kimi, tərəfdaşlarla münasibətlərdə dialoqun alternativi yoxdur.
“Qeyd olunan məsələnin növbəti spekulyasiyalar üçün istifadə edilməsi əsaslı şübhə yaradır və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin görüşün keçirilməsinə səmimi istək göstərməməsi və Brüsselin gürcü tərəfinin, o cümlədən Gürcüstanla siyasi dialoqun dayandırılması üçün istifadə edilən məsələlər ilə əlaqədar əsaslandırılmış mövqelərini dinləməyə hazır olmadığı düşüncəsini yaradır.
Gürcü tərəfi konstruktiv yanaşmaya sadiqdir və tərəfdaşlarla münasibətlərdə dialoqun alternativi olmadığını hesab edir. Müvafiq olaraq, Brüssel tərəfindən dayandırılan dialoqun tam bərpasından sonra müxtəlif istiqamətlərdə Avropa İttifaqı ilə dialoq formatlarına qoşulmağı nəzərdən keçirəcəyik” – Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.