Gürcüstanın iki vətəndaşı xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə ittihamı ilə saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Qardabani və Kareli bələdiyyələrində keçirilən xüsusi tədbirlər nəticəsində iki Gürcüstan vətəndaşını saxlayıblar.
Onlar xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı üzrə məhkəmə qərarı əsasında saxlanılıb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər “İslam Dövləti” terror təşkilatına qoşulub, təşkilatın liderinə sədaqət andı, yəni “bayət” verib və ona qeyd-şərtsiz tabe olduqlarını bildiriblər.
Axtarışlar zamanı maddi sübut kimi “İslam Dövləti” təşkilatının liderinə sədaqət andının – “bayət”in əlyazma mətni, üzərində islam yazısı olan möhür, müxtəlif növ patronlar, əl qumbarası, kapsul/detonator və elektron məlumat daşıyıcıları aşkar edilərək götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır. Bu maddə xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etməni nəzərdə tutur. Sözügedən cinayətə görə 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti yayıb.