Gürcüstanın Hava Limanları İttifaqı - 2024-cü ildə Gürcüstanın hava limanları 7 milyon 400 mindən çox sərnişinə xidmət göstərib
Gürcüstanın Hava Limanları İttifaqının məlumatına əsasən, 2024-cü ildə Gürcüstanın hava limanlarında sərnişin və reyslərin rekord göstəricisi qeydə alınıb.
Gürcüstanın Hava Limanları İttifaqının (UAG) baş direktoru İrakli Karkaşadzenin bəyanatına əsasən, 2024-cü il Gürcüstanın hava limanları üçün tarixi il olub, ümumilikdə, bütün hava limanları 7 425 399 sərnişinə və 31 937 reysə xidmət göstərib. Əvvəlki illə müqayisədə sərnişin axını 24%, reyslərin sayı isə 25% artıb. (2023-cü il – 5 986 754 sərnişin, 25 607 reys).
“2024-cü il gürcü aviasiyası və Gürcüstanın Hava Limanları İttifaqı üçün tarixi il oldu. Biz hər üç beynəlxalq hava limanında 7 milyon 400 mindən çox sərnişinə xidmət göstərə bildik, bu da əvvəlki illə müqayisədə 24% artım deməkdir. Bundan başqa, 2024-cü ildə on aviaşirkətlə 13 yeni marşrut üzrə danışıqları uğurla başa çatdıra bildik. Bu o deməkdir ki, 2025-ci ildə biz daha çox sərnişin axını və daha çox istiqamət gözləyirik” – İrakli Karkaşadze bildirib.
Gürcüstanın Hava Limanları İttifaqının məlumatına əsasən, 2024-cü ildə Tbilisinin Şota Rustaveli adına Beynəlxalq Hava Limanında 4 750 830 sərnişin qeydə alınıb. Bu da rekord göstəricidir və 22 715 reys həyata keçirilib. Əvvəlki illə müqayisədə sərnişin axını 29 faiz, reyslər isə 30 faiz artıb. (2023-cü il – 3 693 942 sərnişin, 17 456 reys).
“Kutaisinin Beynəlxalq Hava Limanına gəlincə, 2024-cü ildə David Ağmaşenebeli adına Hava Limanı mövcudluq tarixində ən çox, 1 722 809 sərnişinə və 5 078 reysə xidmət göstərib. Əvvəlki illə müqayisədə sərnişin axını isə 3 faiz və reyslərin sayı 1 faiz artıb. (2023-cü il -1 671 306 sərnişin, 5 041 reys).
Keçən il 951 760 sərnişinə və 4 144 reysə xidmət göstərən Batuminin Aleksandre Kartveli adına Beynəlxalq Hava Limanında da tarixi maksimum qeydə alınıb. Əvvəlki illə müqayisədə sərnişin axını 53 faiz, reyslərin sayı isə 33 faiz artıb. (2023-cü il – 621 506 sərnişin, 3 110 reys).
2025-ci ilin martından Gürcüstanın aviasiya bazarına Birləşmiş Krallığın flaqman aviaşirkəti “British Airways” daxil olacaq. Həmçinin, Britaniyanın aşağı büdcəli aviaşirkəti “easyJet” mart ayından uçuşlara başlayacaq və London, Cenevrə və Milana birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. “Transavia France” aprelin 9-dan Paris-Tbilisi-Paris istiqaməti üzrə Gürcüstanın aviasiya bazarında fəaliyyətə başlayacaq. Həmçinin, “Edelweiss” aprelin 12-dən Sürix-Tbilisi-Sürix istiqaməti üzrə həftədə iki dəfə uçuş həyata keçirəcək. Gürcüstanın Hava Limanları İttifaqı ölkənin hər üç beynəlxalq hava limanına yeni aviaşirkətlərin daxil olması və yeni hava marşrutlarının başladılması üçün aviaşirkətlərlə danışıqları davam etdirir” – Gürcüstanın Hava Limanları İttifaqının məlumatında qeyd olunub.