Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə ittihamı ilə üç xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə ittihamı ilə İranın üç vətəndaşını saxlayıblar.
DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşlarını Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar. Onlar saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən tutulublar.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin birinci və ikinci hissələri, eləcə də 362-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddələr 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.