Gürcüstanın daxili işlər naziri türk həmkarı Ali Yerlikaya ilə görüşüb
Gürcüstanın daxili işlər naziri Qeka Qeladze nümayəndə heyəti ilə birlikdə Türkiyə Respublikasında, İstanbul şəhərində rəsmi səfərdədir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində nazir türk həmkarı Ali Yerlikaya ilə ikitərəfli görüş keçirib.
“Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud tərəfdaşlığı, onun dərinləşdirilməsi perspektivlərini və əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
Ali Yerlikaya gürcü həmkarına Türkiyə Hərbi Hava Qüvvələrinin yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması zamanı göstərdiyi səylərə, sürətli və effektiv əməkdaşlığa görə bir daha təşəkkür edib.
Görüşdə həmçinin tərəflər arasında təcrübə, ən yaxşı praktikanın mübadiləsinə və polis təhsili sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. İki ölkənin nazirləri birgə səylərlə Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında mövcud tərəfdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiklərini bildiriblər.
Sonda Qeka Qeladze dəvətə, səmimi qəbula və qonaqpərvərliyə görə türk həmkarına təşəkkür edib” – DİN-in məlumatında qeyd olunub.