Gürcüstanın daxili işlər naziri Geka Geladze dəniz təhlükəsizliyi üzrə idarələrarası şuranın iclasını keçirib
Gürcüstanın daxili işlər naziri Geka Geladze dəniz təhlükəsizliyi üzrə idarələrarası şuranın iclasını keçirib

Gürcüstanın daxili işlər naziri Geka Geladzenin rəhbərliyi ilə Dəniz Əməliyyatlarının Birgə İdarəetmə Mərkəzində dəniz təhlükəsizliyi üzrə idarələrarası şuranın iclası keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, iclasda Dəniz Əməliyyatlarının Birgə İdarəetmə Mərkəzinin fəaliyyət hesabatı, Qara dənizdə mövcud vəziyyət, təhlükəsizlik məsələləri və risklər müzakirə olunub.

“Şura üzvləri son dövrlərdə dünyada baş verən hadisələrdən irəli gələrək Gürcüstanda mövcud çağırışları müzakirə ediblər. Həmçinin Dəniz Əməliyyatlarının Birgə İdarəetmə Mərkəzinin prioritetlərini müəyyənləşdirib və gələcək planları nəzərdən keçiriblər. Bununla yanaşı, şura iclasının reqlamenti və gündəlikdə nəzərdə tutulan digər məsələlər təsdiq edilib.

İclasda Dəniz Əməliyyatlarının Birgə İdarəetmə Mərkəzinin şurasına daxil olan qurumların nazir müavinləri və müvafiq bölmələrin rəhbərləri iştirak ediblər. Onların arasında: Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini Laşa Mağradze, müdafiə nazirinin müavini Qriqol Giorqadze, xarici işlər nazirinin müavini Laşa Darsalia, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili və Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi David Tamazaşvili də olub.

Dəniz Əməliyyatlarının Birgə İdarəetmə Mərkəzi (JMOC) dəniz və sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün unikal konsepsiyanı təmsil edir və mühüm strateji və operativ əhəmiyyətə malikdir.

İdarələrarası şura isə məhz bu mərkəzin fəaliyyətinin koordinasiyasını təmin edir. Şuraya daxili işlər naziri rəhbərlik edir. Onun tərkibinə Sərhəd Polisi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, eləcə də Maliyyə Nazirliyinə tabe qurumlar daxildir.

Dəniz təhlükəsizliyi üzrə idarələrarası şuranın iclası başa çatdıqdan sonra daxili işlər naziri Geka Geladze və şura üzvləri Sahil Mühafizəsinin Poti bazasında mövcud olan infrastruktur və üzən vasitələrlə tanış olublar. Geka Geladze Sərhəd Polisi əməkdaşlarına ölkə qarşısında göstərdikləri xidmətə görə təşəkkür edib”, – deyə DİN-in məlumatında bildirilib.