Gürcüstanın birinci xanımı Tamar Baqrationi işgüzar səfərlə İtaliya Respublikasındadır
Gürcüstanın birinci xanımı Tamar Baqrationi işgüzar səfərlə İtaliya Respublikasındadır. Səfər çərçivəsində Tamar Baqrationi İtaliya Dövlət Mərkəzi Arxivini ziyarət edib və arxivin rəhbəri Qabriele Kapone ilə görüşüb.
Prezident Administrasiyasının məlumatında, görüşdə İtaliya Dövlət Mərkəzi Arxivinin Mədəni İrsin Populyarlaşdırılması Xidmətinin rəhbəri Nadia Banyarin və Gürcüstanın İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamar Liluaşvilinin iştirak etdikləri deyilir.
Gürcüstanın birinci xanımı arxivdə mühafizə olunan sənədlərlə, o cümlədən Gürcüstan və İtaliya arasında tarixi münasibətləri və əlaqələri əks etdirən materiallarla tanış olub.
İtaliya tərəfi Gürcüstanın birinci xanımına İtaliya kralı III Vitorio Emanuele tərəfindən verilmiş iki kral fərmanının surətlərini təqdim edib. 1911-ci il tarixli fərman Tiflisdə İtaliya konsulluğunun, 1914-cü il tarixli fərman isə Tiflisdə İtaliya Krallığının Baş Konsulluğunun təsis edilməsinə aiddir. Qeyd olunan sənədlər Gürcüstan ilə İtaliya arasında həmin dövrdə mövcud olan münasibətləri əks etdirən mühüm tarixi mənbədir.
Görüşdə tərəflər gələcək əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Tələbələr və gənc tədqiqatçılar üçün birgə təhsil və tədqiqat proqramlarının təklif edilməsindən, o cümlədən arxiv materialları üzərində iş aparılması və peşəkar təcrübə mübadiləsi imkanlarından söz gedib.
Tamar Baqrationi İtaliya tərəfinə qonaqpərvərliyə, Gürcüstanla bağlı arxiv materialları ilə tanışlığa və tarixi sənədlərin surətlərinin təqdim olunmasına görə minnətdarlığını bildirib.