Gürcüstanın Birinci Kanalının kinosalonunda rejissor İrakli Qokadzenin filmi "Yayımçının 100 ili"nin premyerası keçirilib

 

Gürcüstanın Birinci Kanalının “İluzion” kinosalonunda rejissor İrakli Qokadzenin filmi “Yayımçının 100 ili”nin premyerası keçirilib.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili nümayişdə iştirak edən insanlar qarşısında çıxış edib.

Sənədli filmdə Politkovskaya küçəsi 31 ünvanında yerləşən İctimai Yayımçının yeni binasının layihələndirilməsi, tikintisi və təchiz edilməsi mərhələləri, iki hektar ərazidə tikilmiş və iki binanı birləşdirən regionda ən böyük media mərkəzinin necə yaradıldığı göstərilir.

Memarlıq mükafatının qalibi olmuş ekoloji yaşıl bina, ultra-müasir studiyalar və Gürcüstanda ən böyük və çoxfunksiyalı pavilyonlar barədə yeni Gürcüstan televiziyasının yaradılmasında birbaşa töhfəsi olan insanlar danışırlar.

“Bu gün televiziyanın ad günüdür. Biz bütün ili televiziyanın yüz illik yubileyinə həsr etdik. İndi isə tamaşaçının tezliklə efirdə görəcəyi filmin premyerası oldu. Düşünürəm ki, bu, televiziyanın, onun komandasının və hər bir əməkdaşının birlikdə keçdiyi o çətin dövrün bir növ salnaməsidir və bunun nəticəsində çox qürur duyduğumuz binamız var. Bu binanın daha yüz il hər bir tamaşaçıya öz məhsulu, media infrastrukturu ilə xidmət etməsini çox istəyirik” – Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bildirib.

İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze filmin çəkiliş qrupuna təşəkkür edib.

“Filmin çəkiliş qrupuna təşəkkür etmək istərdim, çünki maraqlı şəkildə çəkilib. Bu film bir daha bizə keçdiyimiz və asan olmayan, lakin hər şeyin yaxşı başa çatdığı bütün macəraları xatırladır. Bu, insanın hər gün baxacağı bir film deyil, lakin tarix üçün vacib olacaq. Düşünürəm ki, bu televiziya və bu bina ölkə üçün bir çox nəsillər boyu faydalı olacaq” – İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze bildirib.

Sənədli filmin televiziya premyerası bu gün saat 20:00-da keçiriləcək.