Gürcüstanın Baş naziri Türkmənistan Prezidenti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
Hökumət Administrasiyasının məlumatına görə, təkbətək görüşdə Gürcüstan və Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının müsbət dinamikası müzakirə olunub. Tərəflər siyasi, ticarət-iqtisadi, mədəni və humanitar istiqamətlərdə münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Məlumata əsasən, nəqliyyat-enerji sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu kontekstdə bağlantı imkanlarının və Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd olunub. Liderlər Transxəzər nəqliyyat marşrutunun daha da inkişafına dəstək verməyə hazır olduqlarını bildiriblər.
Türkmənistan tərəfi müxtəlif sahələrdə Gürcüstanın uğurlu təcrübəsinin öyrənilməsinə maraq göstərib.
Görüş zamanı regional inkişaf və rifah üçün sülh və sabitliyin əhəmiyyəti də xüsusi vurğulanıb.