Gürcüstanın Baş naziri Sinqapur Prezidenti ilə görüşüb

11:12, 22.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının, eləcə də siyasi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Tərəflər Gürcüstandakı əlverişli biznes mühiti və ölkənin investisiya potensialı barədə fikir mübadiləsi aparıblar. Baş nazir Gürcüstan hökumətinin Sinqapurun aparıcı maliyyə mərkəzləri və investisiya fondları ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

Görüşdə turizm və innovasiya sahələrində əməkdaşlıq perspektivləri, həmçinin mövcud potensialdan səmərəli istifadə məsələləri də nəzərdən keçirilib.

Tərəflər yüksək səviyyəli səfərin ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.

İrakli Kobaxidze Sinqapur Prezidentinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib.

Oxşar