Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin konfransında iştirak edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanın Avaza şəhərində keçirilən BMT-nin konfransında iştirak edir. Bu barədə məlumatı Gürcüstan hökumət administrasiyası yayıb.
Qurumun məlumatına görə, konfransın iştirakçı liderlərini Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və BMT-nin Baş katibi Antoniu Quterreş qarşılayırlar.
“Gürcüstan hökumətinin rəhbəri konfransın rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə iştirakçılara Antoniu Quterreş və Serdar Berdiməhəmmədov müraciət ediblər.
İrakli Kobaxidze bu gün konfransda çıxış edəcək. Baş nazir çıxışında Gürcüstanın strateji mövqeyinə, ölkənin Şərq və Qərb arasında birləşdirici dəhliz roluna diqqət çəkəcək. Bu dəhliz dənizə çıxışı olmayan 8 ölkəyə əlaqəlilik baxımından mühüm imkanlar təqdim edir.
BMT konfransının açılışından əvvəl sammitdə iştirak edən ölkələrin liderlərinə Türkmənistanın milli lideri, Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov da müraciət edib.
Rəsmi tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət nümayəndə heyəti ilə birlikdə Avaza Konqres Mərkəzində iştirak edib”, – deyə hökumət administrasiyasının yaydığı məlumatda bildirilir.