Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi M1 kateqoriyalı minik avtomobilləri ilə bağlı tənzimləmələrə dair əlavə izahat yayıb
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi M1 kateqoriyalı minik avtomobilləri ilə bağlı tənzimləmələrə dair əlavə izahat yayıb

Qurumdan bildirilib ki, konkret avtomobilin M1 kateqoriyasına uyğunluğunu müəyyənləşdirmək üçün Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində məsləhət almaq mümkündür.

Nazirlər Kabinetinin qərarına əsasən, 1 aprel 2026-cı ildən etibarən Gürcüstanda istehsal tarixi 6 ildən artıq olan M1 kateqoriyalı minik avtomobillərinin həm ilkin, həm də müvəqqəti qeydiyyatı qadağan ediləcək.

M1 kateqoriyasına tam kütləsi 5 tondan çox olmayan, sərnişinlərin daşınması (sürücü yeri istisna olmaqla maksimum 8 oturacaq) və onların baqajının daşınması üçün nəzərdə tutulmuş avtomobillər daxildir.

Müəyyən edilmiş məhdudiyyət elektromobillərə şamil olunmur və onların qeydiyyatına buraxılış ilindən asılı olmayaraq icazə verilir. Qadağa, həmçinin, idxalçı avtomobili Gürcüstanda qeydiyyatdan keçirmədiyi halda idxala, eləcə də reeksport, tranzit və ixraca şamil edilmir.

Məhdudiyyət artıq Gürcüstanda qeydiyyatda olan avtomobillərə, həmçinin 1 aprel 2026-cı ilədək idxal olunmuş nəqliyyat vasitələrinə aid deyil. İstisna, həmçinin 1 aprel 2026-cı ilədək Gürcüstan istiqamətində daşınmasına başlanmış avtomobillərə də şamil edilir.

Dəniz daşımaları zamanı konosamentdə və ya daşıyıcı tərəfindən verilmiş müvafiq sənəddə avtomobilin göndərən limanda və ya gəmidə qəbul edildiyi və ya konteynerə yükləndiyi tarixin 1 aprel 2026-cı ildən gec olmayaraq göstərilməsi tələb olunur. Avtomobil, dəmir yolu və ya öz hərəkəti ilə gətirilən nəqliyyat vasitələrinə münasibətdə istisna yalnız o halda tətbiq ediləcək ki, avtomobil Gürcüstanın dövlət sərhədini ən gec 1 iyul 2026-cı ilədək keçsin və idxalçı daşınmanın 1 aprel 2026-cı ilədək başlandığını təsdiq edən sənədləri təqdim etsin.

Bununla yanaşı, avtomobilin “Euro 5b” standartına uyğun olması tələbi qüvvədə qalır və bu tələblə bağlı əlavə istisna nəzərdə tutulmur.