Gürcüstanı "Eurovision 2026"da "Uşaq Avroviziya 2008"in qalibi olan "Bzikebi" qrupu təmsil edəcək
Gürcüstanı "Eurovision 2026"da "Uşaq Avroviziya 2008"in qalibi olan "Bzikebi" qrupu təmsil edəcək

 

Gürcüstanı “Eurovision 2026″da “Uşaq Avroviziya 2008″in qalibi olan “Bzikebi” qrupu təmsil edəcək.

Qiorqi Şiolaşvili, Mariam Tatulaşvili və Mariam Kikuaşvili “Bzikebi” musiqi qrupunun üzvləridir. Onlar uşaqlıqda, 2008-ci ildə Gürcüstan adından Uşaq Avroviziya Mahnı Müsabiqəsində qalib gəlməklə məşhurlaşdılar.

Qrup 2008-ci ildə Tbilisidə yaradılıb. Onun üzvləri əvvəlcə Uşaq Avroviziyasının daxili seçim müsabiqəsində fərdi şəkildə çıxış ediblər, lakin münsiflər heyətinin qərarı ilə bir qrupda birləşdirildilər. Həmin dövrdə “Bzikebi” müsabiqənin ən kiçik iştirakçıları idi və 10 yaşlarında idilər.

“Bzikebi” Tbilisidə daxili seçim turunu böyük üstünlüklə qazandı və 2008-ci ilin Uşaq Avroviziya müsabiqəsində Kiprin Limasol şəhərində 6 nömrə altında çıxış etdi. Onların mahnısı orijinallığı və enerjisi ilə böyük maraq doğurdu və qrup müsabiqənin qalibi oldu. Onlar Uşaq Avroviziya tarixində Gürcüstana ilk qələbəni qazandırdılar. Uşaq Avroviziya Mahnı Müsabiqəsində qələbədən sonra qrup mahnıları Gürcüstandakı bir çox uşaq tərəfindən tanınan “Zabuzei” adlı albom buraxdı.

Təxminən 18 illik musiqi fasiləsindən sonra “Bzikebi” səhnəyə artıq yeni musiqi baxışı və yaradıcı üslubu ilə qayıdır.

İctimai Yayımçının qərarı ilə qrup Gürcüstanı Avstriyanın paytaxtı Vyanada “Eurovision 2026″da təmsil edəcək.