Gürcüstandakı Ukrayna vətəndaşları üçün  Tbilisi meriyasının qaynar xətti işləyəcək
Gürcüstandakı Ukrayna vətəndaşları üçün Tbilisi meriyasının qaynar xətti işləyəcək

Gürcüstandakı Ukrayna vətəndaşları yardım almaq üçün Tbilisi meriyasının qaynar xəttinə – 032 272 22 22 nömrəsinə zəng edə bilərlər, – deyə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun Tbilisi Bələdiyyəsi Hökumətinin iclasında qeyd etdiyi kimi, Tbilisi meriyası artıq Ukrayna vətəndaşlarına kömək etmək üçün bir sıra tədbirlər həyata keçirib və lazım gələrsə, gələcəkdə də onlara köməklik göstərəcək.

“Ukrayna xalqına dəstəyimizi bir daha bəyan etmək və onlara sülh arzulamaq istəyirəm. Bildiyiniz kimi, Gürcüstanda Ukrayna vətəndaşları üçün müəyyən tədbirlər keçirilir. Mərkəzi hökumət bu insanları ev və yeməklə təmin etmək qərarına gəlib. Təbii ki, bütün bunlarda bələdiyyənin də əli var ki, bu da alqışlanır. Biz qərar vermişik və bələdiyyənin tabeliyində olan bütün struktur bölmələr onlar üçün pulsuz olacaq: ictimai nəqliyyat, uşaq əyləncə mərkəzləri, muzeylər, teatrlar, hovuzlar və s. Əsas odur ki, onlar Ukrayna pasportunu təqdim etsinlər və bütün xidmətləri pulsuz alsınlar. Bundan əlavə, Tbilisi meriyasının Ukrayna vətəndaşları üçün qaynar xətti də işləyəcək. Əlavə yardıma ehtiyac olarsa, 032 272 22 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Biz onlara hər cür dəstək və kömək edəcəyik”, – deyə Kaxa Kaladze bildirib.

Eyni zamanda, Tbilisi meri bir daha Ukraynaya kömək üçün xüsusi olaraq açılan və istənilən vətəndaşın ona pul köçürə biləcəyi xəzinə hesabından danışıb.

Kaxa Kaladzenin sözlərinə görə, artıq vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən xəzinə hesabına yarım milyon laridən çox vəsait köçürülüb.

“Bir həftə əvvəl biz xüsusi xəzinə hesabı açdıq və biznes nümayəndələrindən, eləcə də digər maraqlı tərəflərdən Ukraynaya kömək üçün maliyyə yardımı göstərməyi xahiş etdik. Artıq yarım milyon laridən çox vəsait köçürülüb, buna görə pulu köçürən bütün sahibkarlıq subyektlərinə, hər bir sadə vətəndaşa təşəkkürümü bildirirəm. Budur xəzinə hesabının kodu – 300778800. Siz ona istənilən məbləği köçürə biləcəksiniz”, – Tbilisi meri deyib.