Gürcüstanda yerli özünüidarəetmə seçkiləri başa çatdı. Seçki məntəqələri saat 20:00-da bağlandı.
Bələdiyyə orqanlarına seçkilərdə seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 3 061 seçki məntəqəsi açılmışdı ki, onlardan 2 284 məntəqədə səsvermə elektron qaydada, 777 məntəqədə isə ənənəvi qaydada keçirildi. Onların arasında istisna hallarda yaradılmış on məntəqə də var idi ki, bunlar penitensiar müəssisələrdə açılmışdı.
4 oktyabr seçkiləri üçün 12 siyasi partiya qeydiyyatdan keçmişdi və onların sıra ardıcıllığı seçki bülletenində aşağıdakı kimi yerləşdirilmişdi:
1. „Vətən, Dil, İnam“; 3. „Gürcüstan üçün Mühafizəkarlar“; 5. „Bizim Birləşmiş Gürcüstan“; 7. „Azad Gürcüstan“; 8. „Gürcüstan Vətənpərvərləri Alyansı“; 9. „Güclü Gürcüstan – Lelo“; 11. „Gürcüstan“; 12. „Yaşıllar Partiyası“; 14. „Xalq Hakimiyyəti“; 25. „Gaxaria Gürcüstan üçün“; 36. „Girqçi“; 41. „Gürcü Arzusu – Demokratik Gürcüstan“.
Bununla yanaşı, Tbilisidə mer vəzifəsinə doqquz namizəd qeydiyyata alınmışdı. Tbilisi Şəhər Şurası seçkiləri üçün 12 siyasi birləşmənin hamısı partiya siyahısını təqdim etmişdi. Tbilisidən başqa, qalan 63 bələdiyyədə mer postuna 112 namizəd qeydə alınmışdı, onların arasında təşəbbüs qrupları tərəfindən irəli sürülmüş dörd namizəd də var idi.
Yerli majoritar seçki dairələrində isə ümumilikdə 2 228 majoritar namizəd qeydə alınmışdı, onların arasında təşəbbüs qrupları tərəfindən irəli sürülmüş 32 namizəd də vardı. Tbilisidə isə – 160 namizəd.
Seçki prosesinə 28 beynəlxalq və 27 yerli təşkilatın müşahidəçisi nəzarət edirdi. Seçkilərin gedişini 73 media qurumunun minə yaxın nümayəndəsi işıqlandırırdı.
Bununla yanaşı, MSK-nın məlumatına görə, saat 17:00-a olan vəziyyətə əsasən seçki məntəqələrinə 1 175 817 seçici gəlmişdi ki, bu da ümumi seçici sayının 33,5 faizini təşkil edir.